Sığorta şirkətləri süni intellektin imkanlarından istifadə edə bilirmi?

15:55 - 18.06.2025


18 iyun, Fineko/abc.az. Bildiyiniz kimi, bir müddət əvvəl Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamdan sonra bir sıra sahələrdə süni intellektin tətbiqinə ciddi diqqət yetirilməyə başlayıb və artıq bir sıra qurum və şirkətlər bu tendensiyadan yararlanmağa çalışır.

Biz də ABC.AZ olaraq süni intellektin sığorta sektorunda tətbiqi ilə maraqlanmaq üçün Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) sorğu ünvanladıq.

ASA-dan sorumuza cavab olaraq bildirildi ki, hazırda ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri də süni intellektin təklif etdiyi imkanlardan aktiv yararlanır, nəticə etibarilə xərclərinə və resurslarına qənaət edir, habelə, proseslərin süni intellekt əsaslı formalaşdırılması işlərini növbəti mərhələdə də davam etdirməyi planlaşdırırlar.

"Hazırda ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri süni intellektin imkanlarından veb-saytlarında mövcud olan şəxsi kabinetlərin fəaliyyətində, məlumatların axtarışı, təhlili, strukturlaşdırılması və konsolidasiyası, yeni biliklərin mənimsənilməsi proseslərində, hesabatların hazırlanması, təkliflərin formalaşdırılması, daxili yazışmalar, analiz və qərar dəstəyi proseslərində, dizayn, marketinq, video və qrafik kontentlərin generasiyası proseslərində, o cümlədən, hadisələrin qeydiyyatı və ilkin qiymətləndirilməsi, kütləvi işə qəbul zamanı minlərlə müraciətin avtomatik emalı və uyğun namizədlərin önə çıxarılması, biznes proseslərinin avtomatlaşdırılması, sığorta haqlarının formalaşdırılması və digər bu kimi proseslərdə istifadə edirlər.

Sadalanan proseslərlər üzrə sektorumuz süni intellektin “ChatGPT Team (OpenAI)”, “Freepik AI”, “Vision Language Models”, AI əsaslı “CV screening”, kağız və PDF sənədlərinin “OCR” ilə oxunması və “LLM” vasitəsilə emalı və “ML” alqoritmləri funksiyalarından istifadə edirlər", - deyə ASA-dan bildirilib.

Müəllif: Elmir Murad