Nazir müavini: İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 3,9 faiz artıb

16:10 - 18.06.2025


18 iyun, Fineko/abc.az. Sahibkarlığın inkişafı iqtisadiyyatın böyüməsi, işgüzar aktivliyin, biznesin çevikliyinin artması deməkdir. 2025-ci ilin ötən dövrü ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlarımız tərəfindən 50 milyard manatdan çox ümumi daxili məhsul istehsal edilib.

ABC.AZ Azərtac-a istinadla xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə deyib.

O vurğulayıb ki, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 3,9 faiz artıb.

“Bu sərgidə əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi və neft-qaz amilindən asılılığın mümkün qədər azaldılmasıdır. Bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 465 min vahiddən çox artıb və 2025-ci il iyun ayının 1-nə 1 milyon 867 mini ötüb. Cari il yanvar-may aylarında dövlət büdcəsinə 7,8 milyard manata yaxın vergi daxil olub ki, bu da ötən illə müqayisədə 4,6 faiz artım deməkdir. Ödənilən vergilərin 72,9 faizi qeyri-neft-qaz sektorunun payına düşür”, - deyə o qeyd edib.