Kazino sektorunda leqal fəaliyyət bir çox dövlətlərə milyardlarla gəlir gətirir - Deputat

15:58 - 21.06.2025


21 İyun, Fineko/abc.az. Kazino biznesinin leqallaşdırılması və tənzimlənməsi beynəlxalq təcrübəyə əsaslanır.

ABC.AZ xəbər verir ki, bunu açıqlamasında deputat Vasif Qafarov bildirib.

Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, kazino sektorunda leqal fəaliyyətin təşkili bir çox dövlətlərə milyardlarla gəlir gətirir. Bir sıra dövlətlər - Çin (Makao), Sinqapur, BƏƏ, Fillippin, Cənubi Koreya, Gürcüstan qapalı və selektiv kazino zonaları yaradaraq turizm və xidmət sektorlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib, xarici valyuta axını ilə iqtisadiyyatlarına müstəqil sabitlik qazandırıblar. Çinin təxminən 700 min əhalisi olan Makao Xüsusi İnzibati Bölgəsinin kazino sektorundan təkcə 2024-cü il üzrə ümumi gəliri 28.3 milyard ABŞ dolları təşkil edib. Bu isə Makaonun ÜDM-nin 40 %-dən çoxunu, büdcə gəlirlərinin 50%-ni təmin edir. Azərbaycan bu təcrübəni milli maraqlara uyğunlaşdırmaqla regionda yeni turizm və biznes mərkəzinə çevrilə və qonşu ölkələrdən olan turist axınını stimullaşdıra bilər.

"Bu sahədə hüquqi və sosial nəzarət imkanları təklif edən fəaliyyət yalnız aşağıdakı təhlükəsizlik və ictimai nəzarət mexanizmləri ilə icra olunmalıdır. Yalnız xarici vətəndaşlara və turistlərə xidmət göstərən məhdud girişli zona olmalıdır. Qumar aludəçiliyinin qarşısını almaq üçün psixoloji və tibbi filtrlər tətbiq edilməli, şəxsin vizual görünüşü anlaqlı olması təsiri bağışlamalıdır. Lisenziya və nəzarət orqanları daimi kazinoların fəaliyyətinə dair manitorinq aparmalı və bu barədə müvafiq dövlət qurumuna vaxtaşırı hesabat verilməlidir. Nəticə etibarilə, beynəlxalq təcrübə göstərir ki, süni torpaq sahələrində kazino oyunlarının təşkili dövlət üçün həm fiskal, həm də sosial-iqtisadi baxımdan əhəmiyyətli nəticələr doğura bilər. Kazino fəaliyyətindən əldə edilən gəlirlər sosial sahəyə də öz töhvəsini verəcək. Belə layihələrin həyata keçirilməsi qeyri-neft sektorunun inkişafına, işsizliyin azaldılmasına və yeni turizm mərkəzlərinin formalaşmasına zəmin yaratmaqla, ölkəyə turist axınının artırılmasına xidmət edəcək", - deyə deputat fikrini tamamlayıb. (Report)