Fintex universal model deyil - Qazaxıstanlı maliyyəçi

17:05 - 24.06.2025


24 iyun, Fineko/abc.az. Dövlət və fintex ekosistemi arasındakı sinerji innovasiyalara töhfə verir, eyni zamanda sabitliyi təmin edir və sistemə etimadı gücləndirir.

ABC.AZ xəbər verir ki, bunu Qazaxıstan Maliyyəçilər Assosiasiyası Şurasının sədri Yelena Baxmutova Bakıda keçirilən “Fintex Summit 2025” maliyyə və texnologiyalar sərgisində bildirib.

O qeyd edib ki, rəqəmsal maliyyənin növbəti dalğasını araşdırarkən yadda saxlamaq vacibdir ki, innovasiyaların məqsədi sadəcə texnoloji yenilik deyil, real effektdir. İstər rəqəmsal platformalar, transsərhəd ödənişlər və ya mərkəzsizləşdirilmiş texnologiyalar olsun - diqqətimiz real ehtiyaclar üçün real həllər yaratmağa fokuslanmalıdır.

Bununla yanaşı, Y.Baxmutova qeyd edib ki, hər bir ölkənin mədəniyyət, normativ mühit, infrastruktur və istehlakçı davranışı ilə müəyyən edilən öz rəqəmsal inkişaf yolu var.

"Fintex universal model deyil. Lakin bizim maliyyə xidmətlərinin əlçatanlığını, səmərəliliyi artırmaq və etimadı gücləndirmək kimi ümumi məqsədimiz var", - Şura sədri əlavə edib.