Xətaidə yanğın zamanı altı müxtəlif markalı minik avtomobili yanğından mühafizə edilib

17:43 - 21.09.2018


21 sentyabr, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyi (FHN) Xətai rayonunda yerləşən çay evində baş vermiş yanğınla bağlı növbəti məlumat yayıb.

FHN-dən bildiriblər ki, Xətai rayonunda ümumi sahəsi 800 kvadratmetr olan ikimərtəbəli binada (mərtəbələrin arası və arakəsmə divarlar taxta konstrusiyalardan, tavan hissələri isə lambirindən ibarət) yanğın qeydə alınıb. Hadisə nəticəsində binanın ikinci mərtəbədə çay evinin 400 kvadratmetri, birinci mərtəbəsində avtomobil təmiri sexlərinin lambirindən ibarət tavanı və qismən arakəsmə divarları 168 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən, ümumi sahəsi 350 kvadratmetr olan üçmərtəbəli tikilinin alkapondan ibarət divar üzlüyü 12 kvadratmetr sahədə əriyib. Binanın qalan hissəsi, yağdəyişmə sexində tutumu 200 litr olan 3 yağ çəlləyi və təmirə dayanmış 6 müxtəlif markalı minik avtomobili yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər