Paytaxt və bölgə məktəbləri arasında əməkdaşlıq

10:17 - 25.09.2018


Bakı şəhəri və Şuşa rayonunun məktəbləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə görüşlər keçirilib.

Görüşlərdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri, Şuşa Rayon Təhsil İdarəsinin müdiri Təvəkkül Əliyev, Bakı şəhəri 62 nömrəli məktəb-liseyin və 247 nömrəli tam orta məktəbin direktorları və müəllimlər iştirak ediblər.

Bərdə və Ağdam rayonlarında “Salam Şuşa” devizi adı altında təşkil olunan görüşlərin əsas məqsədi paytaxt məktəbləri ilə Şuşa rayonunun 18, 19 və 21 nömrəli tam orta məktəbləri arasında əməkdaşlıq əlaqələri qurmaq, təcrübə mübadiləsi aparmaq, qaçqın və məcburi köçkünlərlə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinə, eyni zamanda, birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə icra olunan təhsil layihələrinə dəstək vermək və məcburi köçkünlərə mənəvi dayaq olmaqdan ibarətdir.

Görüşlərdə çıxış edənlər layihənin əhəmiyyəti barədə danışıb, eləcə də, doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərə, təhsilin inkişafına göstərilən dövlət qayğısından söhbət açıblar.

Qeyd edək ki, YAP Nəsimi və Nizami rayon təşkilatlarının təşəbbüsü ilə Bakı şəhəri Nizami rayonu 62 nömrəli məktəb-lisey, Nəsimi rayonu 247 nömrəli tam orta məktəb və Şuşa rayonunun 18, 19, 21 nömrəli tam orta məktəbləri arasında əməkdaşlıq əlaqələri "Təhsilə dəstək" layihəsi çərçivəsində reallaşdırılır.

 

Bütün xəbərlər