“Atəşgah Sığorta” və “AtaSığorta” sığortaçıları əməkdaşlıq sazişi imzaladılar

18:10 - 28.09.2018


28 sentyabr, Fineko/abc.az. Azərbaycanın sığorta şirkətləri “Atəşgah Sığorta” və “AtaSığorta” əməkdaşlıq haqqında saziş imzaladılar.

“Atəşgah Sığorta”nın məlumatında deyilir ki, sazişin məqsədi sığorta hadisələrinin tənzimlənməsi məsələsində birgə fəaliyyət, şirkətlər arasında sağlam rəqabətin formalaşması, ödəmə qabiliyyətinin artırılması və müştəri məmnuniyyətinin təmin edilməsidir.

“İmzaladığımız saziş şübhəsiz ki, bütövlükdə sığorta bazarına müsbət təsirini göstərəcək. Bu saziş şirkətlər arasında əməkdaşlığın güclənməsinə, həmçinin proseslərin sürətlənməsinə böyük fayda verəcəkdir. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən digər sığorta şirkətləri də bu prosesə qoşulmaqla sığorta sektorunda şəffaf qarşılıqlı fəaliyyətə dəstək verəcəklər”, - “AtaSığorta” ASC İdarə Heyətinin sədri Müseyib Əliyev belə deyib.

“Atəşgah” Sığorta Şirkəti İdarə Heyətinin sədri Azər Əliyev bildirmişdir ki, saziş, sığortaçılar arasında qarşılıqlı anlaşma, müştərilərə təqdim edilən xidmət keyfiyyətinin yüksəldilməsi, sığorta mədəniyyətinin təbliği, sığorta vasitəçilərinin motivasiya sisteminin təkmilləşdirilməsi, eləcə də əhali üçün sərfəli və baha olmayan yeni sığorta məhsullarının tətbiqinə imkan yaradacaq.

 

Bütün xəbərlər