Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub - Şahin Mustafayev

17:30 - 8.09.2025


8 sentyabr, Fineko/abc.az. Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub və ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü təkan verib.

ABC.AZ xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çinin Fucian əyalətinin Siamen şəhərində keçirilən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi ("CIFIT 2025") çərçivəsində təşkil edilən Çin-Azərbaycan İkitərəfli İnvestisiya Təşviqi tədbirində deyib.

O, bu müsbət tendensiyanın davamlılığını ölkələrimizin "Bir kəmər, bir yol" təşəbbüsündə fəal və birgə iştirakı ilə əlaqələndirib.

Çinin ticarət nazirinin müavini Lin Ci ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, Çin şirkətlərinin Azərbaycanla ticarət, logistika, sənaye, və "yaşıl enerji" sahələrində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, həmçinin ölkələrin ikitərəfli ticarət və investisiya əlaqələrində son illər artan göstəricilər haqqında danışıb.

Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edərək, investisiya əlaqələrinin praktiki müstəvidə inkişaf etdiyini vurğulayıb. Sənaye istehsalı, bərpa olunan enerji, kənd təsərrüfatı və İKT sahələrində birgə təşəbbüslərin uğurlu icrası, qarşıdakı dövrdə istehsalın lokallaşdırılması və texnologiya transferinə xidmət edəcək ortaq layihələr haqqında məlumat verilib. (© Report)