17:14 - 16.09.2025
16 sentyabr, Fineko/abc.az. Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin baş nazirlərinin görüşü sentyabrın 18-də Bişkekdə keçiriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə sentyabrın 16-da Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib
Görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Adılbek Kasımaliyev, Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin TDT-nin baş katibi Kubanıçbek Omuraliyev iştirak edəcəklər.
"Görüşdə iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunacaq", — deyə mətbuat xidmətindən bildirilib.
Daha sonra əlavə ediblər ki, Türk Dövlətləri Təşkilatının fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsi üzrə tədbirlərin müzakirəsi planlaşdırılır.
Türk dövlətləri təşkilatına Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə daxildir. Macarıstan və Türkmənistana müşahidəçi statusu verilib. TDT Təşkilatının qərargahı İstanbulda yerləşir.
8 Noyabr 2025