Bu ölkə valyutasının denominasiyasını həyata keçirəcək

14:11 - 6.10.2025


6 oktyabr, Fineko/abc.az. İran İslam Respublikasının Parlamenti banknotlardan dörd sıfırın çıxarılmasını nəzərdə tutan qanunvericilik aktını təsdiqləyib. Belə ki, yeni pul vahidi köhnəsi ilə 1:10 000 kimi müqayisə ediləcək.

ABC.AZ xəbər verir ki, XXI əsrin əvvəllərindən etibarən İran rialı, Qərb dövlətlərinin, ilk növbədə ABŞ-ın Tehranın nüvə proqramının inkişafı ilə əlaqəli sanksiya təzyiqi fonunda davamlı devalvasiya nümayiş etdirirdi. Məsələn, 2002-ci ildə Vaşinqton ilk dəfə nüvə silahı ilə bağlı ittihamlar irəli sürəndə, milli valyutanın məzənnəsi dollar başına 1,7 mindən təxminən 8 min riala düşmüşdü.

2012-ci ilə qədər dollar 12 min rial, 2018-ci ildə isə 128 min rial səviyyəsinə çatmışdı. Hal-hazırda ABŞ valyutası 1,15 milyon rial səviyyəsində ticarət edilir, 50%-ə yaxınlaşan inflyasiya isə sabitləşmənin proqnozlaşdırılmasına imkan vermir.

Buna baxmayaraq, ölkə hakimiyyəti, ümid edir ki, denominasiya yalnız pul əməliyyatlarını sadələşdirməyəcək, eyni zamanda əhalinin inflyasiya gözləntilərini də azaldacaq.