Azərbaycanda 6000-dən çox yeni iş yeri yaradılacaq

16:26 - 13.10.2025


13 oktyabr, Fineko/abc.az. 2025-ci il oktyabrın 1-nə olan məlumata görə, müvəkkil banklar tərəfindən Fondun zəmanəti ilə sahibkarlara 642 milyon manat məbləğində kredit verilib ki, bunun da 93 milyon manatı cari ilin yanvar-sentyabr aylarının payına düşür.

ABC.AZ İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki,  mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,2 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.

Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.