Hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü yardım alır - Vüqar Bayramov

16:00 - 5.11.2025


5 noyabr, Fineko/abc.az. Gələn il ehtiyac meyarının 300 manata çatdırlması ünvanlı dövlət sosial yardımının artmasına səbəb olacaq.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təmsil etdiyi qurumun parlamentin Əmək və sosial siyasətin komitəsi ilə birgə iclasında bildirib.

O qeyd edib ki, yeni ehtiyac meyarı müəyyənləşdirilməsi ünvanlı yardım üçün müraciətlərin sayının artması baxımından vacibdir.

Ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü yardım alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq.

Bundan başqa, onun sözlərinə görə, gələn il nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 8 milyard 323 milyon manat olması, bunun 1,7 milyard manatının dövlət büdcəsindən ayrılması nəzərdə tutulub: "Yəni, Fondun gəlirlərinin 20 %-dən çoxu büdcə hesabına təmin ediləcək və bu göstərici 2025-ci il üçün fondun təsdiq olunmuş büdcəsi ilə demək olar, eynidir. Fondun xərclərinin 8 milyard 146 milyon manatı əhaliyə ödənişlər, o cümlədən 7 milyard 882 milyon manatı əmək pensiyalarının ödənilməsi xərcidir. Bu o deməkdir ki, Fondun xərclərinin 94 %-dən çoxu məhz pensiyaçılara ödənilən vəsaitdir. 2025-ci il ilə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsait 10 % artırılacaq. Bu isə pensiyaçıların sosial təminatının gücləndirilməsinin gələn ildə də diqqət mərkəzində olacağı deməkdir.

Qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 % artaraq 1 093 manata çatıb. İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar 9,2 % artırılacaq."