Sahibkarların sosial sığorta haqqı bundan sonra belə hesablanacaq

12:02 - 6.11.2025


6 noyabr, Fineko/abc.az. Gələn il yanvarın 1-dən fərdi sahibkarların ödəməli olduqları məcburi dövlət sosial sığorta haqqının hesablanması qaydası dəyişir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənəcək. Dəyişikliyə əsasən, minimum aylıq əməkhaqqı 400 manat qəbul edildikdə sahibkarın aylıq gəliri 5 000 manatdırsa, sosial sığorta haqqı gəlirin 2 faizi – 100 manat təşkil edəcək.

Əgər gəlir 2 000 manatdırsa, 2% = 40 manat hesablanır, lakin bu məbləğ minimum hədd olan 60 manatdan az olduğuna görə sahibkar 60 manat ödəyəcək.

Əgər gəlir 25 000 manatdırsa, 2% = 500 manat olur, amma bu məbləğ maksimum hədd olan 400 manatı keçdiyinə görə sahibkar 400 manat ödəyəcək.