Warner Bros Discovery üçüncü rübdə gəliri 6% azalaraq 9 milyard dollara endirib

11:16 - 7.11.2025


7 noyabr, Fineko/abc.az. Warner Bros Discovery Inc.  mediaholdinqi (WBD) 2025-ci ilin üçüncü rübündə gəlirinin illik müqayisədə 6% azalaraq 9 milyard dollara düşdüyünü bildirib.

ABC.AZ xəbər verir ki, şirkət 143 milyon dollar xalis zərər qeydə alıb, halbuki ötən il eyni dövrdə 141 milyon dollar mənfəət əldə etmişdi. Hər səhmə düşən zərər 0,06 dollar, ötən il isə mənfəət 0,05 dollar olub.

Əsas artım studiya seqmentində müşahidə olunub – burada yeni relizlərin uğuru sayəsində gəlir 23% artaraq 3,3 milyard dollara çatıb. Axın (streaming) xidmətlərindən əldə olunan gəlir isə demək olar ki, dəyişməyib və 2,6 milyard dollar səviyyəsində qalıb. Abunəçilərin sayı 2,3 milyon artaraq 128 milyona çatıb. Eyni zamanda, bu göstərici analitiklərin gözləntilərindən aşağı olub. Televiziya biznesində zəif nəticələr qeydə alınıb – gəlir 23% azalaraq 3,9 milyard dollara düşüb.

Bu rəqəmlər tamaşaçıların rəqəmsal kanallara davamlı keçməsini göstərir.