Çin şirkətləri Bakının nəqliyyat sisteminin formalaşdırılmasında iştirak edə bilər

16:49 - 7.11.2025


7 noyabr, Fineko/abc.az. Çin şirkətlərinin Bakı şəhəri və ətraf ərazilərdə rahat, təhlükəsiz və ekoloji baxımdan səmərəli nəqliyyat sisteminin formalaşdırılmasında iştirakı müzakirə edilib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, nazirin I müavini Anar Kərimov ölkəmizdə səfərdə olan Çin İxrac və Kredit Sığorta Korporasiyasının (Sinosure) və Çin Yol və Körpü Korporasiyasının (CRBC) nümayəndə heyətləri ilə görüş keçirib. Görüş Prezident İlham Əliyevin avqust ayında Çinə səfəri zamanı keçirilmiş görüşlərdə əldə olunan razılaşmaların davamı olaraq, iqtisadi və maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsinə həsr olunub. Qeyd edilib ki, həmin yüksək səviyyəli səfər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin, həmçinin infrastruktur və investisiya sahəsində tərəfdaşlığın daha da inkişafına mühüm təkan verib.

A. Kərimov ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, bu sahədə həyata keçirilən layihələr, o cümlədən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan infrastruktur layihələri barədə məlumat verib.

Bildirilib ki, Bakı şəhəri və ətraf ərazilərdə rahat, təhlükəsiz və ekoloji baxımdan səmərəli nəqliyyat sisteminin formalaşdırılması, ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması və yol-nəqliyyat şəbəkəsinin daha səmərəli idarə olunması, regional miqyasda logistika əlaqələrinin şaxələnməsi hökumətin əsas prioritetləri sırasındadır.

Çin nümayəndə heyəti qeyd olunan layihələrdə iştirak etmək, eləcə də layihələrin texniki, mühəndislik, tikinti və maliyyə təminatı sahələrində əməkdaşlıq imkanlarını araşdırmaqda maraqlı olduqlarını ifadə ediblər.