Azərbaycan və Ermənistan kimi bəzi ölkələrdə kiçik və orta biznesin kreditləşdirilmə payı tədricən azalıb - ADB rəsmisi

12:14 - 12.11.2025


12 noyabr, Fineko/abc.az. Azərbaycan və Ermənistan kimi bəzi ölkələrdə kiçik və orta biznesin (KOS) kreditləşdirilmə payı tədricən azalıb ki, bu da iri şirkətlərə verilən kreditlərin məbləğinin artması ilə üst-üstə düşüb.

ABC.AZ-ın məlumatına görə, bunu Asiya İnkişaf Bankının (ADB) baş iqtisadçısı Şiqehiro Şinozaki (Shigehiro Shinozaki) Bakıda keçirilən "Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025"in təqdimat seminarında bildirib.

"Kiçik və orta müəssisələr inkişaf etməkdə olan Asiya və Sakit okean regionunda bazarı formalaşdırsa da, onun həcmi çox kiçik qalıb və ümumi bank kreditləşməsinin orta hesabla 16,9 %-ni təşkil edib ki, bu da milli ÜDM-in 10,7 %-nə bərabərdir. KOB kreditlərinin orta hesabla 53 %-i xidmət, sənaye və kənd təsərrüfatı sektorlarının payına düşüb", - Ş.Şinozaki qeyd edib.

Onun sözlərinə görə, Cənub-Şərqi Asiya ölkələrinin əksəriyyəti bu modeli izləyir.

"Lakin sektorlar üzrə bölgü region və konkret ölkədən asılı olaraq kəskin şəkildə fərqlənir. Məsələn, Cənubi Asiyada KOB kreditlərinin təxminən 40 %-i sənayenin payına düşür. KOB-lara ayrılan kreditlərin əhəmiyyətli hissəsi Tacikistan, Solomon Adaları və Qırğızıstan kimi ölkələrdə kənd təsərrüfatı müəssisələrinə yönəldilib. Beləliklə, KOB kreditlərinin ümumi bank kreditlərində və milli ÜDM-də payı son dərəcə dəyişir. Bu, xarici şoklara məruz qalma səviyyəsindən, həmçinin hökumətin müvafiq tədbirlərindən asılıdır", - iqtisadçı vurğulayıb. ©Report