“S&P Global Ratings” Azərbaycanın bank sektoru üzrə əsas riskləri açıqlayıb

11:00 - 14.11.2025


14 noyabr, Fineko/abc.az. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2026-cı il üçün Azərbaycanın daxil olduğu EMEA regionu (Avropa, Yaxın Şərq və Afrika) üzrə bank sektoruna aid əsas riskləri təqdim edib.

ABC.AZ xəbər verir ki, S&P bölgədə geosiyasi qeyri-müəyyənlik və qlobal iqtisadi trendlər bank sektorunun fəaliyyət mühitinə birbaşa təsir etdiyini açıqlayıb.

Agentliyin qiymətləndirməsinə görə, Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik regionun maliyyə sabitliyi üçün ən ciddi risklərdən hesab olunur. Sənəddə bildirilir ki, bu qarşıdurmalar enerji bazarlarında dalğalanmaları artırır və kapital axınlarına təsir göstərməklə bank sektoru üçün əlavə təzyiq yaradır.

S&P həmçinin ABŞ-da tarif siyasəti ilə bağlı qeyri-müəyyənliklərin qlobal ticarət mühitində riskləri artırdığını, bunun da EMEA regionu banklarının fəaliyyətinə dolayı təsirlər yarada biləcəyini vurğulayır. Qlobal likvidlik şərtlərinin dəyişməsi region ölkələrinin - o cümlədən xarici borcla maliyyələşən bank sistemlərinin - daha yüksək risklərlə üzləşə biləcəyini göstərir. ©APA