10 ayda mağazalarda 52 milyard 615,7 milyon manatlıq məhsul satılıb

14:07 - 14.11.2025


14 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 52 milyard 615,7 milyon manatlıq məhsul satılıb. Sözügedən dövrdə 28 milyard 664,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23 milyard 951,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

10 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 %-i ərzaq məhsullarının, 4,1 %-i içkilər və tütün məmulatlarının, 14,3 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 4,9 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların dəyəri real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

Ötən ilin yanvar-oktyabr aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,1 %, fərdi sahibkarlar üzrə 1,2 %, bazar və yarmarkalarda isə 4,9 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq, o cümlədən 279,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 233,9 manatlıq qeyri-ərzaq malları alıb.