Kirayə vergisi 14%-dən 10%-ə endirilir

15:15 - 26.11.2025


26 noyabr, Fineko/abc.az. Fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14%-dən 10%-ə endirilməsi nəzərdə tutulur. Bu vergi yükünün təxminən 30 faiz azalması deməkdir.

Bu barədə ABC.AZ  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər.

Məlumata görə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Milli Məclisdə müzakirə olunur. Dəyişikliklərin əsas hədəfi sahibkarlığın təşviqi, vergi yükünün optimallaşdırılması və “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu dəyişikliklərin əsaslandırılmasını hissə-hissə ictimaiyyətə təqdim edir.

Qeyd edilib ki, vətəndaşlar tərəfindən mənzillərin kirayəyə verilməsi vergiyə cəlb edilən əməliyyat olsa da, bu sahədə qeyri-rəsmi əməliyyatlar mövcuddur. Prosesin rəsmiləşməsi məqsədilə inzibatçılığın sadələşdirilməsi və kirayə gəlirləri üzrə vergi yükünün azaldılması nəzərdə tutulur.