Türkiyənin beş şirkəti dünyanın ən iri silah istehsalçıları siyahısına daxil olub

14:32 - 4.12.2025


4 dekabr, Fineko/abc.az. SIPRI-nin 1 dekabr məlumatına əsasən, dünyanın ən iri silah və hərbi xidmət istehsalçıları reytinqinə Türkiyənin beş şirkəti daxil edilib.

ABC.AZ xəbər verir ki, 2024-cü ildə Türkiyə müdafiə sektorunun gəlir artım tempinə görə 7-ci, ümumi dövriyyəsinə görə isə 11-ci yeri tutub. Sektorun ümumi satışları 10,1 milyard dollara çatıb ki, bu da ötən illə müqayisədə 11% çoxdur.

Türk şirkətləri arasında lider 3,47 milyard dollarlıq satışla 47-ci yerdə qərarlaşan ASELSAN olub. Siyahıda həmçinin TUSAŞ (65-ci), Baykar (73-cü), Roketsan (87-ci) və ilk dəfə olaraq MKE (93-cü) yer alıb.

Sektorun böyüməsi Türkiyənin texnoloji müstəqilliyə doğru uzunmüddətli siyasəti və silah ixracının artması ilə bağlıdır. Ölkə pilotsuz uçuş aparatlarının istehsalında dünya liderinə çevrilib, Bayraktar dronlarına tələbat isə onların Suriya, Liviya, Qarabağ və Ukraynada istifadəsindən sonra kəskin şəkildə artıb.