Azərbaycana gəlmək baha başa gəlir - Turistlərin azalmasının daha bir səbəbi - Özəl xəbər

15:26 - 4.12.2025


4 dekabr, Fineko/abc.az. (özəl xəbər) Bir neçə gün əvvəl Milli Məclisdə Azərbaycana turist axının azalmasının müzakirə olunması gündəm olub. Deputat Qüdrət Həsənquliyev Gürcüstanla Azərbaycana gələn turistləri müqayisə edərək ölkəmizin qonşu dövlətdən çox geri qalmasını mənfi hal kimi qiymətləndirib. Millət vəkili bunun dövlət səviyyəsində araşdırılmalı olduğunu bildirib.

Məsələ ilə bağlı ABC.AZ-a şərh verən turizm üzrə ekspert Ceyhun Aşurov hesab edir ki, hazırki vəziyyətdə Azərbaycana gəlmə cəlbedici deyil.

O bunun müxtəlif səbəblərini sadaladı və bildirdi ki, turist ölkə seçərkən ilk növbədə təyyarə biletinin qiymətinə baxır:

"Azərbaycana gəlmə özü əlverişli olmalıdır. Son dövrlər vizalar sadələşib, bəzi ölkələrlə vizalar aradan qalxıb, bu yaxşı haldır, birbaşa uçuşların olması da öz müsbət təsirini göstərir. Çin bazarına bağlı müəyyən işlər görülür. Lakin ümumi götürdükdə ənənəvi ölkəmizə gələn bazarlardan müqayisə apardıqda Azərbaycana gəlmək biraz baha başa gəlir.  Ümumiyyətlə ölkə daha əlçatan olmalıdır və əlverişli şərtlər təqdim etməlidir. Çünki, turistlərin ilk qərarlarına təsir edən məhz təyyarə biletlərinin qiymətləridir. Onlar bu qiymət sayəsində hara gedəcəklərini qərarlaşdırırlar. Bu qiymətlər öz təsirini göstərir. Düşünürük ki, Azərbaycana gəlmək istiqamətində qiymətlər əcnəbilər üçün cazibəli olmalıdır ki, bu istiqamətdə gəlsinlər. Bundan başqa ölkəyə hal-hazırki durumda giriş və çıxış nöqtələri Bakı üzərindən həyata keçirilir. Əsasən quru sərhədlərinin bağlı olması fonunda uçuşlar Bakı Beynəlxalq Hava Limanından həyata keçirilir. Əlbəttəki bu da gələn turistlərin regionlar üzrə yayılmasına mənfi təsir edir"

Müəllif: Elmir Muradov