Azərbaycanda fermerlərin bağlarını sığortalamağa marağı orta səviyyədədir - Fond rəsmisi - Özəl xəbər

11:00 - 5.12.2025


5 dekabr, Fineko/abc.az. (özəl xəbər) Azərbaycanda fermerlərin bağlarını, təsərrüfatlarını sığortalamağa marağı orta səviyyədədir.

Bunu ABC.AZ-a Aqrar Sığorta Fondunun mətbuat katibi Əli Əhmədov bildirib.

Fond rəsmisi bəzi fermerlərin təsərrüfatlarını sığortalmağın məsuliyyətini dərk etdiyini bildirsə də, bir çoxlarının isə bunu anlamadığını deyir:

"Bəzi fermerlər hesab edirlər ki, onların yerləşdiyi zonada təbiət hadisəsi baş verməyəcək. Məsələn, biz ötən il Samuxda çox böyük məbləğdə ödəniş etdik, 104000 manat. Ödəniş su basma hadisəsinə görə olundu.  Subasma adətən çox az halda baş verir, amma, orada belə bir hadisə baş vermişdi. Bəziləri isə ətraf rayonlarda tanıdıqları fermerlərin ödəniş aldığını gördükdən sonra artıq sığortaya etibar etməyə başlayırlar və bu da təbiidir. Çünki, sığorta riski bizə o qədər də yeni, populyar olmayan bir xidmətdir. Bu insanlar sığortaya yalnız o zaman inanırlar ki, ödəniş olsun, ödənişi gördükdən sonra və sığorta ilə maraqlanmağa başlayırlar".

Ə.Əhmədov son zamanlar müraciətlərin artdığını bildirib və prosedur barədə məlumat verib:

"Bizim bu ödənişlərdən sonra son bir həftədə meyvə bağlarından, fermerlərdən, digər sahələrdə fəaliyyət gostərən çox saylı müraciətlər daxil olmağa başlayıb. Fond bütün müraciətləri qəbul edir. Prosedur belədir ki, meyvə bağını sığortalayanda əvvəlcə ekspert gedir baxır, baxış keçiridir ki, görüm, doğrudanmı bunun dedikləri budur?. Məsələn, doğrudanmı əkin sxemi 5/3-dir və yaxud da doğrudanmı həmin növ meyvədir. Çünki onların fərqi var, həm çəkidə, həm qiymətində. Doğrudanmı həmin qiymətə olan meyvədi, yəni bunlar araşdırılır. Buna risk qiymətləndirməsi deyirlər. Ondan sonra Fond müqavilə bağlayır. Biz meyvə bağı olan fermerlərə tövsiyə edirik ki, indidən müraciət eləsinlər. Çünki bu sığortalanma proseduru özü hardasa 15- 20 gün çəkir. Bu yayda, qışda ən çox şaxtalar yanvar, fevral ayında olur".

Müəllif: Elmir Muradov