SOCAR bu ilin I yarısında 1,761 milyard manat qazanıb

11:05 - 9.12.2025


9 dekabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin I yarısını 1,761 milyard manat xalis mənfəətlə başa vurub.

ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.

Yanvar-iyun aylarında SOCAR-ln vergiyəqədərki mənfəəti 2,373 milyard manat (1 il əvvələ nisbətən 18,35% çox), mənfəət vergisi ödəmələri isə 612 milyon manat (33,05% çox) təşkil edib.

Hesabat dövründə şirkətin satışdan gəlirləri 5,7% azalaraq 42,5 milyard manata düşsə də, satışının maya dəyəri bundan çox – 12,6% azalaraq 36,127 milyard manata düşüb. Son nəticədə kommersiya qurumunun ümumi mənfəəti 71,9% artaraq 6,373 milyard manata yüksəlib.

Bu il iyulun 1-nə SOCAR-ın aktivləri 96,47 milyard manat olub ki, bu da illik müqayisədə 1,9% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,4% artaraq 47,144 milyard manata, balans kapitalı isə 1,4% artaraq 49,326 milyard manata çatıb.