Azərbaycan Avrasiya regionunda ən iri investorların üçlüyünə daxildir - Avrasiya İnkişaf Bankı

15:09 - 11.12.2025


11 dekabr, Fineko/abc.az. Azərbaycan Avrasiya regionunda ən böyük investorlar arasında üçüncü yeri tutur və investisiya həcminə görə Qazaxıstandan cüzi fərqlə geridə qalır.

Bu barədə Avrasiya İnkişaf Bankının (AAİB) hesabatına istinadən xəbər verir.

“2025-ci ilin iyul ayına olan məlumata görə, Azərbaycan tərəfindən cəlb edilmiş birbaşa xarici investisiyaların (BXİ) yığılmış həcmi 41 investisiya layihəsi üzrə 3,2 milyard dollar təşkil edib. 2016-cı ildən investisiyalar 1,5 milyard dollar (+90%) artıb ki, bu da ölkəyə Belarusu qabaqlayaraq investorlər reytinqində dördüncü yerdən üçüncü yerə yüksəlməyə imkan verib. Əsas investisiya sahələri telekommunikasiya (25%), nəqliyyat və logistika (22%) və ticarət (16%) olub. Azərbaycan biznesinin əsas investisiyaları Ukraynada (1,3 milyard dollar) və Gürcüstanda (1,2 milyard dollar) cəmləşib. Layihələrin sayına görə isə lider Rusiya olub; burada təxminən 424 milyon dollar dəyərində 13 təşəbbüs həyata keçirilir. Azərbaycan kapitalının digər regional iqtisadiyyatlardakı mövcudluğu da qeyd olunub: Belarus - 5 layihə (197 milyon dollar), Qazaxıstan - 3 layihə (43 milyon dollar), Qırğızıstan - 1 layihə (53 milyon dollar), Özbəkistan - 2 layihə (43 milyon dollar).

Bankın məlumatına görə, Azərbaycan Avrasiya regionunun ölkələrindən ən çox BXİ qəbul edən ölkələrin üçlüyünə daxil dir.

"2025-ci ilin ilk yarısının sonunda gələn BXİ həcmi 5,4 milyard dollar təşkil edib və 2016-cı ildən 2,4 dəfə artıb. Ölkə üzrə layihələrin kapital tutumu yüksəkdir - hər layihəyə orta hesabla 302 milyon dollar düşür, bu isə region ölkələri arasında ən yüksək göstəricidir. Ölkədə ümumilikdə 18 layihə həyata keçirilir. İnvestisiyaların təxminən 90%-i (4,8 milyard dollar) - Rusiya kapitalının iştirak etdiyi "Şah Dəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinə aiddir. Kapital mənbələrinin strukturunda isə alınan investisiyaların demək olar ki, bütün həcmi (99%) Rusiyadan gəlir.

2023-cü illə müqayisədə 6,8% azalma qeydə alınıb, bu, 2024-cü ildən 2025-ci ilin ilk yarısına qədər Azərbaycandakı üç layihədən rus şirkətlərinin çıxması ilə bağlıdır; xüsusilə, 2024-cü ilin iyun ayında "RussNeft" şirkəti bütün neft hasilatı aktivlərini təxminən 300 milyon dollar dəyərində satıb",-deyə hesabatda qeyd olunur. © Trend