“Krab kralı”ndan qaçaqmalçılığa görə 4,2 milyard rubl tutuldu

19:11 - 12.12.2025


12 dekabr, Fineko/abc.az. Vladivostok şəhərindəki Frunzenski rayon məhkəməsi Saxalinli iş adamı Oleq Kandan canlı krabın qaçaqmalçılığı və cinayətkar qrup yaratmaq ittihamı ilə 4,2 milyard rubl tutulmasına qərar verib.

ABC.AZ xəbər verir ki, bundan əvvəl Kan 24 il müddətinə ciddi rejimli koloniyaya məhkum olunmuş və barəsində 5 milyon rubl cərimə tətbiq edilmişdir.

İstintaqın məlumatına görə, 2014–2019-cu illərdə o və tərəfdaşları krabı Yaponiya, Cənubi Koreya və Çinə qanunsuz ixrac ediblər, gömrük qiymətini aşağı göstərmə sxemindən istifadə edərək ümumilikdə 2,6 milyard rubldan çox mal göndəriblər. Kan xaricdə gizlənmiş və beynəlxalq axtarışa verilmişdi.