15:05 - 16.12.2025
16 dekabr, Fineko/abc.az. - (özəl xəbər) - Hər ilin sonuna az müddət qalmış ictimaiyyət arasında devalvasiya olacağı söz-söhbətləri dolaşır.
Bu il də belə xəbərlər dildən-dilə gəzməyə başlayıb.
Təəssüf ki, bu barədə rəsmi mənbələrdən məlumat almaq imkanımız məhdud olduğu üçün biz də sözügedən söhbətlərin nə dərəcədə real olma imkanını ekspertdən soruşduq.
İqtisadçı ekspert Rəşad Həsənov da ABC.AZ-a xüsusi ilə də ilin sonunda bənzər şayiələrin, bənzər mövqelərin ortaya çıxdığını bildirdi.
Təbii ki, bu məsələ ictimaiyyətin xüsusi ilə də həssas olduğu məsələlərdən biridir deyən ekspert hesab edir ki, cari şəraitdə devalvasiya ilə bağlı qərarların qəbul edilməsi ehtimalı çox aşağıdır.
"Birincisi Azərbaycanın strateji valyuta ehtiyatları hazırda güclüdür, üstəlik son illərdə artıb. Həm Mərkəzi Bankın, həm Dövlət Neft Fondunun ehtiyatları, eyni zamanda digər bir tərəfdən tədiyyə balansının xüsusi ilə də 9 aylıq nəticələrinin təhlili göstərir ki, defisit var. Ancaq, defisiti yaradan səbəblər nəzarət olunandır. Çünki, idxalda əsas qızılın qeyri-monitar idxalı olur ki, bu gələcəkdə məhz müvafiq risklərin sığortalanması məqsədi ilə istifadə oluna bilən aktivlərə investisiyadır. Digər tərəfdən Azərbaycandan həm xarici ölkələrə, həm də birbaşa investisiyalarda artım var. Bu da gələcəkdə investisiyaların həm repatriasiyası, həm də ona olan gəlirlərin qaytarılması zamanı tədiyyə balansında mühüm imkanlar formalaşdırır. Paralel olaraq da nəzərə almaq lazımdır ki, hazırki durumu 2015-ci illə müqayisə etmiş olsaq Azərbaycanda böyük həcmli vəsaitlərin bazara qısa müddətli dövrdə daxil olması və valyuta tələbi imkanları da məhduddur. Eyni zamanda hələlik hökumət dövlət büdcəsinin 2026-cı ildə xərclərini kəskin artırmaması strategiyasına üstünlük verirdi. Bu da dövlət xərcləmələri istiqamətində valyuta bazarlarına təzyiqləri qismən neytrallaşdıran faktlardır. Paralel olaraq hökumətin hələlik müvafiq istiqamətdə sabit mövqeyi, mesajların aidiyyatı dövlət qurumları tərəfindən səsləndirilməsi onu deməyə əsas verir ki, dövlət bütün resurslarını səfərbər etməklə 2026-cı ildə məzənnə sabitliyini qorumaq siyasətini davam etdircəkdir. Buna görə də devalvasiya riskini çox aşağı qiymətləndirirəm".
Ekspert devalvasiya olduğu təqdirdə Azərbaycanı nələrin gözlədiyini də proqnozlaşdırıb:
"Bu 2015-ci ildə sərt devalvasiya, yəni manatın məzənnəsinin 50-60 manat azaldılması formasında olmayacaq. Hətta, bu istiqamətdə nə zamansa mövqe ortaya qoyularsa, qərar qəbul edilərsə, təxminən 10 faiz ətrafında devalvasiya qərarı ola bilər. Bu idarə olunan bir prosesdir. Təbii ki, bunun neqativ tərəfləri vardır, bu inflyasiya idxalını dərinləşdirir və paralel olaraq da ölkədə yoxsulluq üçün iqtisidi mühit formalaşdırır, biznesə mənfəət formasını aşağı salır. Yəni arzuolunan deyil devalvasiya, amma devalvasiya qərarı qəbul edildiyi təqdirdə belə artıq 2015-ci ildə müşahidə olunan dərin təsirlər gözlənilmir. Bir daha deyirəm, yəni belə bir qərar verilsə belə bunun miqyası, eyni zamanda təsir qüvvəsi daha aşağı olacaqdır".
Müəllif: Elmir Muradov
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026