İstanbulda Azərbaycan məktəbi yaradılacaq

12:25 - 23.12.2025


23 dekabr, Fineko/abc.az. İstanbulda ibtidai, orta məktəb və lisey səviyyələrində fəaliyyət göstərəcək Azərbaycan Respublikasının təhsil müəssisəsi yaradılacaq.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, hazırkı Əlavə Protokol Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişin icrası məqsədilə hazırlanıb.

Sözügedən Saziş iki dövlət arasında təhsil sahəsində əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir, təhsil müəssisələri arasında əlaqələrin inkişafını, təcrübə mübadiləsini və birgə təhsil təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutur.