Bu günə qədər Azərbaycanda 100 468,1 hektar sahədən 360 047 ton xam pambıq yığılıb

10:54 - 26.12.2025


26 dekabr, Fineko/abc.az. Bu günə qədər Azərbaycanda pambıq əkini aparılmış 100 468,1 hektar sahədən kondisiya çəkidə 360 047 ton xam pambıq tədarük olunub.

ABC.AZ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, pambıq üzrə orta məhsuldarlıq 35,84 sentner/ha təşkil edir.

Bu, pambıqçılıqda müstəqillik dövrünün ən yüksək orta məhsuldarlıq göstəricisidir. 2025-ci təsərrüfat ilində 16 rayonda pambıq əkilib. Əkinlərin 86 %-ə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.

2025-ci təsərrüfat ilində pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonunda qeydə alınıb. Bu rayonda orta məhsuldarlıq göstəricisi 41,88 sentner/ha təşkil edib. Rayon üzrə əkin aparılmış 8 898,3 ha sahədən 37 264,1 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala (39,79 sentner/ha), Biləsuvar (39,90 sentner/ha), Tərtər (37,61 sentner/ha), Bərdə (37,31 sentner/ha) və Saatlı (36,06 sentner/ha) rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.