Yanvarın 1-dən Gürcüstana giriş üçün yeni qaydalar tətbiq olunacaq

14:34 - 26.12.2025


26 dekabr, Fineko/abc.az. 1 yanvar 2026-cı il tarixindən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar.

ABC.AZ xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 yanvar 2026-cı il tarixindən sonra Gürcüstana səfər etməyi planlaşdıran sərnişinlərə səyahətə hazırlıq zamanı yeni tələbləri əvvəlcədən nəzərə almağı və uçuşdan öncə tibbi sığortanı rəsmiləşdirməyi tövsiyə edir.

Müəyyən edilmiş tələblərə əsasən, xarici vətəndaşlar ölkədə olduqları bütün müddət ərzində, yəni giriş tarixindən çıxış tarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdən sığorta polisinə malik olmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir.