14:00 - 12.01.2026
12 yanvar, Fineko/abc.az. -(özəl xəbər)- Artıq elə bir ay, mövsüm yoxdur ki, Bakı və Bakı ətrafı ərazilərdə torpağın və daşınmaz əmlakın qiymətində bahalaşma müşahidə olunmasın. Paytaxtda torpaq və daşınmaz əmlakın qiymətinin sürətlə artımı, regionlardan yan keçir. Bunun əsas səbəbi kimi mərkəzlə regionlar arasında iqtisadi inkişaf baxımından disbalansın olması göstərilir.
Məsələ ilə bağlı ABC.AZ-a şərh verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, regionlarda qiymət artımı təbii ki, Bakı və Bakı ətrafı ərazilərə nisbətən çox böyük templə və dinamika ilə baş vermir. AQC sədri bunun əsas səbəblərini belə izah edir:
"Regionlardan daha çox mərkəzə işçi qüvvəsi axın edir. Regionlarda daşınmaz əmlak bazarının müştəriləri azdır. Həmçinin, manatın alıcılıq qabiliyyəti və yaxud da torpağın təbii azalması, daşınmaz əmlakın təbii qiymət artımı bütün ölkə üzrə davam edən bir prosesdir.
Amma, faiz etibarilə Bakı və ətrafnda baş verən prosesdə o qədər də uyğunluq yoxdur. Elə yerlər var ki, müəyyən qədər Bakıya daha uyğundur. Məsələn, Sumqayıt, Gəncə, Naxçıvan.
Sumqayıtın Bakı şəhərinə yaxın olması qiymətlərə təsir edən amildir.
Bakıda daşınmaz əmlak almaq imkanı olmayanların Sumqayıta müraciət etməsi sözügedən ərazidə də qiymət artımına səbəb olur. Gəncədə regional mərkəz olduğuna və inkişaf səviyyəsi, Qərb zonası və digər zonalardan fərqləndiyinə, tarixi paytaxtımız olduğuna görə, burada da daşınmaz əmlakın qiyməti ciddi artıma məruz qalıb. Naxçıvanda isə daşınmaz əmlak bazarı yeni formalaşıb. Struktur və rəhbər dəyişikliklərindən sonra bazarın yenidən formalaşması, qiymətlərin yenidən müəyyənləşməsi ciddi qiymət artımına səbəb oldu. Bu da Naxçıvanın, həm də iqtisadi azadlığının təmin olunması, rəqabət meydanının açılması, monopoliyanın bu və ya digər formada məhdudlaşması ilə bağlıdır. Qiymət artımı həmin ərazilərdə Naxçıvana daxil olan rayonlarda, Naxçıvan Mərkəzində nəzərəçarpacaq dərəcədə baş verib".
V.Oruc digər bölgələrdə də qiymət artımının nəzərə çarpdığını bildirib.
Qiymətlərin artdığı şəhərləri sadalayan AQC sədri hesab edir ki, bahalaşma sözügedən ərazilərin aktivliyindən irəli gəlir:
"Bundan başqa, Şəki, Mingəçevir, Yevlax, Zaqatala, Sirvan, Lənkəran, Bərdə rayonlarında və rayon mərkəzlərində qiymət artımını biz görürük. Yəni, qiymət artımı bu rayonlarda da mümkündür.
Onlar ölkənin iqtisadi potensialnın formalaşmasında əsas rol oynayırlar.
Qiymət artımını səciyyələndirən amillərdən biri, həmin regionda əhalinin sıxlığı, ikincisi həmin regionun infrastruktur səviyyəsinin inkişafı, üçüncüsü isə ölkə iqtisadiyyatında həmin regionun payıdır.
Bu üç amil əsasında qiymət artımı baş verir. Hansı rayonlardakı bu məhduddur orda qiymət artımı cüzi müəyyən olunur. Yəni artım var, amma kifayət qədər deyil. Bakı və Bakı ətrafı ərazilərdə müqayisə oluna bilməz. Amma, orta səviyyədə artım olan bölgələr Bakıya yaxın yerlərdir. Xırdalan, Quba, Tovuz, Şamaxı, Masallı, Salyan, Beyləqan, Ağdas, Hacıqabul, Qusar şəhərlərində orta səviyyəli qiymət artımı mövcuddur. Bu da həm sözügedən yerlərdə müəyyən turistik yerlərin olması, həm öz iqtisadi potensialın mövcudluğu, əhalinin sıxlığı və infrastrukturun az da olsa inkişaf etməsi və mövqelərin aşağı olması ilə əlaqədardır. Bütün bu amillər qiymət artımının orta səviyyədə sözügedən yerlərdə olmasını göstərir".
Müəllif: Elmir Muradov
18 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026