Azərbaycanda avto-icbaridə zərərlərin birbaşa tənzimlənməsi mexanizmi tətbiq edilib - AMB-nin baş direktoru

15:43 - 12.01.2026


12 yanvar, Fineko/abc.az. Azərbaycanda sığorta bazarında zərər tənzimləmələrinin elektronlaşdırılması planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov DOST TV-nin "Sığortalı Dost" verilişində deyib.

Onun sözlərinə görə, bu, sığorta hadisələrinin tənzimlənməsində çevikliyin və şəffaflığın artırılmasına, ümumilikdə rəqəmsal metodların geniş tətbiqinə imkan verəcək:

"Sığorta bazarında zərər tənzimləmələri xüsusi əhəmiyyət daşıyır. Belə ki, sığortalı sığorta xidmətini əldə etdikdən sonra hər hansı sığorta hadisəsi baş verdikdə, zərərin necə qiymətləndirilməsi və təzminatın hansı qaydada, nə dərəcədə çevik və şəffaf şəkildə ödənilməsi əsas meyarlardan biridir".

V. Qurbanov bildirib ki, bu istiqamətdə sığortalıların ən çox qarşılaşdığı sığorta növlərinə xüsusi diqqət yetirilməlidir ki, vətəndaşlarda sığorta xidmətlərinə inam məhz bu sahələrdən formalaşsın. Onun sözlərinə görə, sığorta hadisələrinin başvermə tezliyi baxımından avtonəqliyyat vasitələrinin icbari sığortası bu baxımdan əsas istiqamətlərdən biridir və məhz burada xidmət səviyyəsinin yüksəldilməsinə ciddi ehtiyac mövcud olub.

AMB-nin baş direktoru qeyd edib ki, bu məqsədlə Azərbaycanda avto-icbaridə zərərlərin birbaşa tənzimlənməsi mexanizmi tətbiq edilib.

O vurğulayıb ki, bu mexanizm regionda məhdud sayda ölkədə mövcuddur və onun tətbiqi sığortalıların xidmətlərdən məmnunluq səviyyəsini əhəmiyyətli dərəcədə artırıb: "Belə ki, sığorta şəhadətnaməsini təqdim edən sığorta şirkəti öz müştərisinə birbaşa xidmət göstərir, sığorta ödənişini həyata keçirdikdən sonra isə məsuliyyət daşıyan digər sığorta şirkətindən həmin vəsaiti özü tələb edir. Bu prosesdə sığortalının iştirakı tələb olunmur".

V. Qurbanov hesab edir ki, bu yanaşma sığorta şirkətlərinin müştərilərinə göstərdikləri xidmətin keyfiyyətinə daha çox önəm verməsinə stimul yaradıb və zərərin qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsinə şərait formalaşdırıb. Hazırda isə bu proseslərin elektronlaşdırılması, zərər tənzimləmələrinin rəqəmsal mühitə keçirilməsi və sığorta hadisələrinin tənzimlənməsində çevikliyin artırılması istiqamətində işlər davam etdirilir, AMB rəsmisi əlavə edib. ©Report