Onlayn bilet alan sərnişinlər “Apple Pay” və “Google Pay”dən ödəniş edə biləcək

17:29 - 12.01.2026


12 yanvar, Fineko/abc.az. Bu gündən “biletim.az” portalından onlayn bilet alan sərnişinlər “Apple Pay” və “Google Pay”dən istifadə edərək ödəniş edə biləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, “biletim.az” portalından onlayn bilet alan sərnişinlər üçün yenilik tətbiq edilir. Belə ki, artıq portalda bank kartı məlumatlarını daxil etmədən “Apple Pay” və “Google Pay”dən istifadə edərək ödəniş etmək imkanı yaradılıb.

“Biletim.az” portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 349 reys olmaqla 397 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.