Bakıda kanalizasiya xətlərinin üstündə yerləşən evlər köçürüləcək

10:50 - 14.01.2026


14 yanvar, Fineko/abc.az. Bakıda kanalizasiya magistrallarının istismarını çətinləşdirən, hətta mümkünsüz hala gətirən 1600-dən çox fərdi yaşayış evi və digər tikililər mövcuddur. Bu evlərin və tikililərin yağış sularından zərər görməməsi üçün köçürülməsi zəruridir.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

O qeyd edib ki, dövlət bu baxımdan həmin ərazilərdə yaşayanlara və tikililərin sahiblərinə kompensasiya ödəyərək köçürülməni həyata keçirəcək:

"Bu prosesdə qiymətləndirmənin böyük önəmi var. Bütün hallarda həmin ərazilərdə yaşayanlara əvvəlcədən məlumat veriləcək. Belə ki, 1600-dən çox fərdi yaşayış evi və ya digər tikilinin köçürülməsi böyük məbləğdə kompensasiya və zaman tələb edir. Yağış sularından təhlükəsizliyin təmin edilməsi baxımından bu addımların atılması çox vacibdir. Düşünürəm ki, bunun üçün satınalmaların elan olunmasına ehtiyac var".