Qeyri-neft sektorunda çalışan vətəndaşın gəliri 3 faiz azalacaq - Ekspert - Özəl xəbər

14:41 - 14.01.2026


14 yanvar, Fineko/abc.az. -(özəl xəbər)- Bildiyiniz kimi, ilin əvvəlindən ölkədə bir sıra vergi dəyişiklikləri tətbiq edilməyə başlayıb. Bu isə vətəndaşlarda narahatlıq yaradır. İnsanlar hələ də yeni tətbiq edilən vergilərin onların həyatına hansı formada təsir edəcəyini anlamır. Bəs görəsən dəyişikliklər vətəndaşların gəlirlərinə və xərclərinə hansı formada təsir edəcək?

Evlərini kirayə verənlərə vergi 14 faizdən 10 faizə endirildi. Vergi verməyənlərə hansı cərimələr gözlənilir. Və bu proseslər  kupçasız evlərdə necə tətbiq olunacaq? Bu sualla iqtisadçı ekspert Xalid Kərimliyə müraciət etdik.

İqtisadçı ABC.AZ-a bildirdi ki, bu aydan qeyri-neft sektorunda gəlir vergisi tətbiq olunub artıq.

Bundan sonra baş verəcəkləri sadalayan X.Kərimli dəyişikliklərin təsir dairəsini açıqlayıb:

"Qeyri-neft sektorunda çalışan vətəndaşın gəliri 3 faiz azalacaq. Birinci,əsas təsir budur, ikincisi bundan sonra özü ilə xaricdən 2-ci telefon gətirənlər 100 manat əlavə aksiz vergisi ödəyəcəklər. Ümumiyyətlə mağazalarda da hüquqi şəxslərin satdığı telefonların vergisi də artırılır, belə ki, 20 manat da onların qiymətidir. Yəni, hüquqi şəxslərin gətirdiyi telefona 20 manat vergi tətbiq olundu, vətəndaşın gətirdiyi telefona isə 100 manat aksiz vergisi. Üçüncüsü, Hibrid elektrik mühərrikli avtomobil alanlar 18 faiz əlavə vergi ödəyəcək. Bildiyiniz kimi, əvvəl bu məsələdə güzəşt var idi, ləğv edildi. Dördüncüsü, köhnə 7 il istismar müddəti keçmiş avtomobil alanlar üçün aksiz vergisi 25 faiz artırıldı. Yəni, benzində 25, dizeldə 33 faiz çoxalma oldu. Evlərini kirayə verənlərin vergisi 14 faizdən 10 faizə endirildi. Burada vergi bütün mənzillərə aiddi. Yəni, evi kupçalı, kupçasız fərq etmir, hamısı vergi verəcək".

Müəllif: Elmir Muradov