Azərbaycanda taxıl sahələri üzrə sığorta ödənişi 63 % artıb

16:32 - 14.01.2026


14 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycanda buğda və arpa sahələri üzrə müxtəlif hadisələr səbəbindən zərərlə üzləşən fermer və təsərrüfatlara ümumilikdə 5 milyon 175 min manat sığorta ödənişi həyata keçirilib.

ABC.AZ Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, bu 2024-cü illə müqayisədə 2 milyon manat və ya 63 % artıqdır. Pambıq sahələri üzrə ödənişlər isə 958 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 72 min manat və ya 8 % artıqdır.

Taxıl bitkiləri və pambıqdan sonra ən çox aqrar sığorta ödənişləri şaftalı, qarğıdalı, badam, günəbaxan, tütün, alma, armud, üzüm v ərik bitkiləri üzrə həyata keçirilib.

Bundan başqa, 2025-ci ildə Azərbaycan müxtəlif hadisələr səbəbindən zərərlə üzləşən fermer və təsərrüfatlara ümumilikdə 9,2 milyon manat sığorta ödənişi edilib. Bu 2024-cü ilin ödənişləri ilə müqayisədə 44%, 2023-cü illə müqayisədə isə 2,1 dəfə artıqdır.

Xatırladaq ki, Aqrar Sığorta Fondu 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə isə 6,4 milyon manat sığorta ödənişi həyata keçirmişdi.

Ötən il əkin sahələrində baş verən hadisələr üzrə fermer və təsərrüfatlara 8,8 milyon manat sığorta ödəniş edilib. Bu 2024-cü illə müqayisədə 70 %, 2023-cü ildəki ödənişlərə nisbətən 2,5 dəfə artıqdır.

Ötən il Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq təsərrüfatlarında baş vermiş zərərlər üzrə 394 min manat sığorta ödənişi edilib.

2025-ci ildə Fond tərəfindən sığortalanan 41 bitki növündən 26-sı üzrə sığorta ödənişi həyata keçirilib.