14:05 - 16.01.2026
16 yanvar, Fineko/abc.az. -(Özəl xəbər)- Dekabrın sonundan İranda başlamış etirazların regiona da müəyyən təsirləri qaçılmazdır. Proseslərin regiona siyasi təsiri olduğu kimi, iqtisadi təsirlərinin də olacağı istisna edilmir.
Azərbaycanla İranın iqtisadi əlaqələrinin böyük olmadığını dilə gətirən iqtisadçı-ekspert Xalid Kərimli ABC.AZ-a bildirib ki, İran bizim üçün əsasən tranzit və Naxçıvanla əlaqələr kontekstində əhəmiyyətlidir və Qərbin, ABŞ-ın İrana sanksiya tətbiq etməsi onlarla indiyədək ciddi əlaqələr qurmağımıza mane olub.
İqtisadçının sözlərinə görə, İranla bağlı hazırda bir sıra çətinliklər var:
"Hazırda İranla tranzitlə əlaqədar ciddi problemlər var, pul köçürmələri mümkün deyil, çətindir, həddən artıq mürəkkəb konstruksiyalarla bunu eləmək olur.
Həmçinin, Amerika da bizə İranla bağlı sanksiyalarda ciddi baş ağrıları yaradıb. Hazırda bu ölkədə baş verən proseslər fonunda İranın Azərbaycan iqtisadiyyatına təsiri neqativdir. Və çox təəssüf ki, bu neqativ təsir uzunmüddətlidir, təkcə bu gün deyil.
Xüsusən də İrana tətbiq edilən sanksiyalar və İrandakı gərgin vəziyyət Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir.
Bu hansı formadadır? Birinci, potensial qazanclarımızdan məhrum oluruq.
Misal üçün, İrandan mal alışı və pul ödənişi zəifləyir. Amerika dolları, Avropa avrosu ilə İrandan alınan mallara pul ödəmək olmur. Alıcılar da nəğd ödəyirlər və çox vaxt pulu ödəməmək üçün hər yola əl atırlar".
Azərbaycanın İrandan idxalını xatırladan X.Kərimli qeyd edib ki, hazırda baş verən proseslər ölkəmizin qonşu dövlətdən aldığı məhsulların gətirilməsində problemlər yarada bilər:
"Azərbaycan İrandan əsasən kənd təsərrüfatı, ərzaq, süd məhsulları, quru meyvələr, sənayedə istifadə olunan müxtəlif mallar alır. İran böyük potensiallı iqtisadiyyata malikdir. Azərbaycan üçün xüsusilə bu adını çəkdiyim sahələrdə müəyyən malın təchizatında fasilələr ola bilər. Hər şey bu hadisələrin nə qədər davam edəcəyindən, hansı dərinliyə qədər olacağından asılı olacaq. Qısamüddətli həll olunacaqsa, ciddi problem yaranmayacaq. Amma, İrandakı vəziyyət, gərginlik, iğtişaşlar uzun müddət davam eləsə, bu artıq o qeyd elədiyim sahələrdə məhsul bahalaşmasına gətirib çıxaracaq. Çünki, məhsulun alternativ bazarlardan gətirilməsi dərhal baş vermir. Sahibkar heç vaxt ucuz, əlverişlini qoyub baha əlverişsizə keçməz. Həmçinin, Azərbaycan-Türkiyə ticarətinin bir hissəsi, Azərbaycan-Naxçıvan əlaqələri İran üzərindən baş tutur. Yəni, bu baxımdan, həm də Azərbaycanın Çinlə ticarəti əsas etibarilə İranın Bəndər-Abbas limanından keçməklə baş tutur. İran bizə iqtisadi partnyordan çox, həm də logistika kimi çox vacibdir. Bu investisiya, energetika sektorunda o qədər çox hiss olunmur, amma, ticarət, logistika, idxal-ixrac əməliyyatlarında çox ciddi görsənəcək və mənfi təsirləri hiss olunacaq. Bizim ixracatımız o qədər bərbad gündədir ki, biz neft-qazdan başqa heç nə ixrac edə bilmirik".
Müəllif: Elmir Muradov
11 Fevral 2026
11 Fevral 2026
9 Fevral 2026