Tramvay xətti Bakının bu ərazilərində çəkiləcək

11:06 - 5.02.2026


5 fevral, Fineko/abc.az. “Tıxac probleminin aradan qaldırılması baxımından tramvay xətlərinin çəkilməsi ciddi və effektiv alternativlərdən biri hesab olunur. Lakin burada məsələ təkcə tramvay layihəsi ilə məhdudlaşmır”.

ABC.AZ xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, dövlətin nəqliyyat strategiyasında bu sahə üzrə bənd-bənd nəzərdə tutulmuş bir sıra kompleks layihələr mövcuddur:

“Məhz bu layihələrin tam şəkildə icrası Bakıda tıxaclara real və davamlı alternativ formalaşdıracaq. Tramvay xətlərinin bərpası və genişləndirilməsi də həmin tədbirlər paketinin mühüm tərkib hissəsidir.

Tramvay xəttinin hansı istiqamətdə və nə üçün məhz həmin marşrut üzrə salınmasına gəlincə, bunun arxasında konkret və məntiqli əsaslandırma dayanır. Rəsmi açıqlamalara görə, tramvay üçün prioritet istiqamətlər elə ərazilər seçilib ki, həmin zonalarda dəmir yolu infrastrukturu mövcud deyil, metro xətləri yoxdur və ya mövcud avtobus marşrutları sərnişin axınını tam şəkildə daşımaq gücündə deyil. Avtobusların sayının artırılması da bu ərazilərdə problemi köklü şəkildə həll etmir”. Ekspert əlavə edib ki, ilkin mərhələdə Mehdiabad–Binəqədi–Azadlıq prospekti boyunca 28 May istiqamətində tramvay xəttinin çəkilməsi planlaşdırılır:

“Layihəyə əsasən, tramvay müəyyən hissəyədək iki xətli olacaq. Lakin Azadlıq prospektinin şəhər mərkəzinə doğru daralması nəzərə alınaraq, hərəkət sxemi dəyişdiriləcək: gediş bir istiqamət üzrə təşkil olunacaq, geri dönüş isə Füzuli küçəsi və Səməd Vurğun prospekti vasitəsilə həyata keçiriləcək. ©Baku.ws