Kağız pullar növbəti 10 il ərzində tarixə qovuşacaq - Ekspert - Özəl xəbər

13:58 - 5.02.2026


5 fevral, Fineko/abc.az. -(özəl xəbər)- Artıq əksər insanlar mağazalarda, ictimai iaşə və digər yerlərdə ödənişi nağdsız formada həyata keçirir. Bu isə kağız pulların azalması və ya dövriyyədən çıxmasına gətirib çıxaran amildir. Bəs görəsən, doğurdan da kağız pullar tarixə qovuşacaqmı, ümumiyyətlə kağız pullar dövriyyədən tam olaraq çıxa bilərmi? Bu sualla iqtisadçı-ekspert Rəşad Həsənova müraciət etdik.

Sözügedən məsələni ABC.AZ-a şərh edən müsahibimiz nağdsız ödənişlərin artmasını hazırda iqtisadiyyatın bütün seqmentləri üzrə digitallaşmanın getməsi ilə əlaqələndirir.

Onun sözlərinə görə, rəqəmsal texnologiyaların tətbiqi istiqamətində sürətli bir tendensiya müşahidə olunmaqdadır:

“Vərdişlərin dəyişməsi, orta və yaşlı nəslin xüsusilə prosesdə pandemiyadan sonrakı iştirakçılığı nağdsız ödəniş istiqamətində meylləri əhəmiyyətli səviyyədə gücləndirib. Bir çox ölkələrin təcrübəsi göstərir ki, artıq nağdsız ödənişlər ümumi ödənişlərin 90-95 faizini təşkil edir. Hazırda yalnız ucqarlarda, əlçatan olmayan yerlərdə bəzi hallarda nağd ödənişlərdən istifadə olunur. Və inkişaf etmiş ölkələrin təcrübəsində demək olar ki, nağd pul, kağız pul saxlanılması artıq sıradan çıxır. Mərkəzi bankların da rəqəmsal valyutalar emissiya etməsi istiqamətində təşəbbüslər güclənib. Təbii ki, bu proses fərqli ölkələrdə fərqli zaman alacaq. Azərbaycanda nisbətən daha gec başa çatacaq, amma sonunda kağız pullar növbəti böyük ehtimalla 10 il ərzində tarixə qovuşacaq. Kağız pullardan istifadə olunmayacaq və ödənişin bütün 100 faizi elektron digital üsullar vasitəsilə həyata keçiriləcək. Bu qaçılmazdır, bu bir prosesdir və hətta kriptovalyutaların emissiyası da bu istiqamətdə əlavə imkanlar təklif edir. Eyni zamanda, müvafiq istiqamətdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı müxtəlif mexanizmlərin işlənib hazırlanması ödəniş üsulunun özünün etibarlılıq səviyyəsini artırdıqca, bu prosesin daha da sürətlənməsi gözlənilir”.

Müəllif: Elmir Muradov