15:53 - 6.02.2026
6 fevral, Fineko/abc.az. Aqrar Xidmətlər Agentliyi (AXA) kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçilərinə müraciət edib.
ABC.AZ Agentliyə istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, traktor və digər mexaniki nəqliyyat vasitələri və onların qoşquları dövri olaraq texniki baxışdan keçməlidir.
Texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı qanunla qadağandır. Bu səbəbdən kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçiləri onlara məxsus nəqliyyat vasitələrini ildə bir dəfə dövlət texniki baxışa təqdim etməlidir.
AXA mütəxəssisləri tərəfindən respublika üzrə aparılan monitorinqlər onu göstərir ki, hələ də texniki baxışa cəlb etmədən nəqliyyat vasitələrinin istismarı halları mövcuddur. Bu da öz növbəsində hərəkət iştirakçılarının qanunun tələblərini pozmasına, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələnməsinə gətirib çıxarır. Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısının alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir.
2025-ci il ərzində AXA tərəfindən 1072 cərimə protokolu təqdim olunub ki, onlardan 763-ü texniki baxışdan keçirmədən idarəetmə halları ilə bağlıdır.
Nəqliyyat vasitələrinə dövlət texniki baxışı nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, dövlət rüsumunun və utilizasiya haqqının ödənilməsi barədə sənəd və icbari sığortanın mövcudluğunu təsdiq edən sənədlər təqdim edildikdən sonra həyata keçirilir.
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026