Azərbaycanda ötən il 6 935 baş iri və xırda buynuzlu heyvan sığorta edilib

16:35 - 6.02.2026


6 fevral, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda 6 935 baş iri və xırda buynuzlu heyvan sığorta edilib ki, bu da 2024-cü illə müqayisədə 2,1 dəfə çoxdur.

ABC.AZ Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, mövcud tariflərə əsasən, 1000 manatlıq iribuynuzlu mal-qaranın (inək, camış) sığortalanması fermerə 24–39 manata, 300 manatlıq xırdabuynuzlu heyvanların (qoyun, keçi) sığortalanması isə 7–10 manata başa gəlir.

2025-ci ildə heyvandarlıq sığortası üzrə toplanan sığorta haqları 2,5 dəfə artaraq 4,7 milyon manata yüksəlib. Bunun müqabilində heyvandarlıq təsərrüfatlarına verilən sığorta təminatı 46 milyon manatı keçib. Bu göstərici 2024-cü illə müqayisədə 2,3 dəfə çoxdur.

Aqrar Sığorta Fondu heyvanları çoxsaylı risklərdən, o cümlədən yoluxucu xəstəliklərdən, yemdən və otdan zəhərlənmədən, yanğından, ilan və həşərat sancmasından, vəhşi heyvanların hücumundan, təbii fəlakətlərdən, üçüncü şəxslərin hərəkətlərindən və sair hallardan sığorta edir. Bu hadisələr nəticəsində tələf olan heyvanlara görə sığorta ödənişləri həyata keçirilir.

2025-ci ildə müxtəlif hadisələr nəticəsində zərər görmüş fermer və təsərrüfatlara heyvandarlıq sığortası üzrə 394 min manat sığorta ödənişi həyata keçirilib.