Forma 4 üzrə sorğuların icra müddəti qısaldılıb - İSB-nin Departament rəhbəri

11:57 - 10.02.2026


10 fevral, Fineko/abc.az. Sığorta sektorunda həyata keçirilən elektronlaşma tədbirləri nəticəsində Forma 4 üzrə sorğuların icrası daha operativ və səmərəli şəkildə həyata keçirilməyə başlanıb.

ABC.AZ xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə illik hesabatının təqdimatında İSB-nin Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova bildirib.

O qeyd edib ki, 2025-ci ildə tətbiq olunan yeni sistem könüllü sığorta müqavilələri üzrə Forma 4 arayışlarının elektron formada təqdim edilməsini təmin edib.

Layihə çərçivəsində hadisə məlumatlarına çıxış prosesi tam rəqəmsallaşdırılıb. Bunun nəticəsində sığorta şirkətləri artıq tələb olunan məlumatları Büronun dəstək xidmətinə ayrıca müraciət etmədən, birbaşa vahid informasiya sistemi vasitəsilə əldə edə bilir.

Yeni mexanizm şirkətlərə hadisələrə dair məlumatları daha sürətli və operativ şəkildə əldə etmək imkanı yaradıb. Bu isə həm sorğuların icra müddətini qısaldıb, həm də əməliyyat proseslərində iş yükünün azalmasına səbəb olub.