Azərbaycan və Türkiyə 2026-cı il üçün 110 maddədən ibarət fəaliyyət planı hazırlayıb

11:21 - 11.02.2026


11 fevral, Fineko/abc.az. Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının son iclasında 2026-cı il üçün 110 maddədən ibarət fəaliyyət planı hazırlanıb.

ABC.AZ xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda keçirilən Forumda bildirib.

"Biz də nazirliklərimizlə birlikdə bu fəaliyyət planının icrasını yaxından izləməyə çalışacağıq. Həm dövlət xidmətlərinin təkmilləşdirilməsi, həm də iqtisadi səmərəliliyin artırılması baxımından böyük əhəmiyyət daşıyan rəqəmsal transformasiya (rəqəmsallaşma), süni intellekt, informasiya və maliyyə texnologiyaları sahələrində əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə fəaliyyət planımızda geniş yer ayrılıb. Bügünki forumda həm dövlət, həm də özəl sektorun bütün iştirakçılarının birgə baxışımızı bölüşdüyünü görmək bizi çox məmnun edir. Əməkdaşlığı ön plana çəkən bu prosesdə hər zaman yanınızdayıq", - deyə o qeyd edib.

Səfir deyib ki, beynəlxalq aktorların regiona marağının artması mühüm imkanlar yaradan yeni mərhələ formalaşdırıb:

"Azərbaycan və Türkiyə bu prosesdə koordinasiyalı addımlar artmaqla həm regional, həm də qlobal mövqelərini daha da möhkəmləndirir, nümunəvi əməkdaşlıq modeli nümayiş etdirir. Bu çərçivə iş dünyamız üçün etibarlı mühit və uzunmüddətli planlaşdırma imkanları yaradır. Sahibkarlarımız və investorlarımız bu möhkəm siyasi və hüquqi zəmin üzərində daha cəsarətli və daha qətiyyətli addımlar ata bilirlər".