Azərbaycanın rəqəmsal dövlət məhsulları beynəlxalq sferada maraqla qarşılanır - İRİA rəsmisi

11:44 - 11.02.2026


11 fevral, Fineko/abc.az. Azərbaycanın rəqəmsal dövlət məhsulları beynəlxalq bazarlarda, xüsusilə Afrika ölkələrində böyük maraqla qarşılanır.

ABC.AZ xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kommersiya üzrə baş direktoru Salar İmaməliyev Bakıda keçirilən forumda deyib.

Onun sözlərinə görə, yerli innovativ məhsulların və texnoloji həllərin beynəlxalq bazarlara ixracı qurumun əsas fəaliyyət istiqamətlərindən biridir:

"Azərbaycanın rəqəmsal transformasiya sahəsində topladığı praktik təcrübəni beynəlxalq müstəviyə təqdim etmək artıq real nəticələr verən strateji istiqamətə çevrilib".

S.İmaməliyev qeyd edib ki, indiyədək Afrikanın müxtəlif ölkələrindən 50-dən çox xarici nümayəndənin iştirakı ilə təqdimat sessiyaları təşkil olunub: "Bu görüşlərdə Azərbaycanın qabaqcıl rəqəmsal həlləri – "mygov", "mygov ID", rəqəmsal sənəd dövriyyəsi sistemləri və "Digital Bridge" platforması təqdim edilib".

Baş direktor söyləyib ki, bu həllər Afrika ölkələri tərəfindən böyük maraqla qarşılanıb və hazırda 18-dən çox ölkə ilə platformaların adaptasiyası və pilot layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar davam edir.