Azərbaycanda nə vaxtsa sərbəst məzənnəyə keçilsə, böhranla qarşılaşacağıq – AQC sədri - Özəl xəbər

11:47 - 13.02.2026


13 fevral, Fineko/abc.az. -(özəl xəbər)- Azərbaycanda qiymətlər illərdir sürətlə bahalaşır. Hətta, ölkəmizdəki qiymətlər bəzi Avropa ölkələrini də keçir.

Məsələn, bu yaxınlarda Polşada yaşayan azərbaycanlı blogerin paylaşdığı videoda aydın görünür ki, Varşavada ərzaqların qiyməti Bakıdakından dəfələrlə ucuzdu.

Bəs görəsən buna rəvac verən səbəblər nədir?

Bu sualla Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruca müraciət etdik.

Müsahibimiz ABC.AZ-a cavabında bildirdi ki, Polşa Azərbaycandan çox tez bazar münasibətlərinə keçid edib və bu keçid bizim kimi tənzimlənən iqtisadiyyatla deyil, birbaşa keçid xarakteri daşıyıb.

O bildirib ki, Polşada kapitalizmə keçid sürətlə baş verib, islahatlar aparılıb və son nəticədə öz-özünü tənzimləyən bazar mexanizmi formalaşdırılıb:

"Azərbaycanda tənzimlənən bazar iqtisadiyyatı var, bildiyimiz kimi xarici valyutalara nisbətən manatın kursu stabil saxlanılır və birbaşa biz keçidi vaxtında seçməmişik, mərhələli keçidə üstünlük vermişik və bu gün də bu baxımdan Azərbaycanda sərbəst məzənnə mövcud deyil. Yəni bunu deməkdə məqsədim odur ki, fərqli iqtisadiyyatlardır. Polşada sərbəst bazar iqtisadiyyatı var və orada əsas un məhsulları, xüsusilə də çörəyin qiyməti Azərbaycandan təqribən 35-50 faiz arasında bahadır. Tərəvəz, meyvə məhsulları bizdən təqribən 1,2-1,5 dəfə bahadır. Yəni topdan satış qiymətlərində çox ciddi fərqlər var. Amma, bizdə yerli məhsullar Polşadan ucuz olduğu halda, hansı ki, o məhsulların yaranmasında və bazara çıxarılmasında logistik xərclər xüsusi rol oynayır və onların tərkibində xaricdən gətirilmiş, deməli, idxal olunmuş komponentlər var. Onlar təbii ki, Polşadan bahadır. Və bu onunla bağlıdır ki, Polşada məhsulların logistik xərcləri qonşu dövlətlərlə çox cüzi xarakter daşıyır, çox cüzi məbləğ kəsb eləyir. Amma, Azərbaycan çox böyük məsafədən logistik xərclər ödəyir ki, bu məhsulları yerli bazara çıxara bilsin. Yəni məsələni belə qoyaq ki, bu gün rəsmi məzənnəmiz manatın bir manat təqribən 2,1 Polşa zlotıdır. Buna baxmayaraq, Polşa zlotısı Azərbaycan valyutasına nisbətən dönərliyi daha çox yüksəkdir və Avropada bir çox bazarlarda tələb olunan valyutadır. Azərbaycan manatı isə region dövlətləri üçün hələ ki, prioritet təşkil eləyən valyutalardan biridir. Bayaq qeyd etdiyimiz kimi, iki ölkə arasında sistem və mexanizm fərqlərimiz də var. Düşünürəm ki, iqtisadiyyatları daha real müqayisə etmək üçün hər iki dövlətin iqtisadi sisteminin eynilik təşkil etməsi daha məqsədəuyğundur. Yəni Azərbaycan da nə vaxtsa sərbəst valyuta məzənnəsi sisteminə keçsə, inteqrasiya eləsə, Azərbaycan iqtisadiyyatı qısa bir dönəm kəsiyində böhranla qarşılaşacaq, amma öz gücünə və aparılan islahatlar hesabına bu böhrandan keçmək imkanları əldə edərsə, növbəti mərhələdə Polşa iqtisadiyyatı ilə müqayisə olunma imkanları daha yüksək olar. Yəni konkret bir məhsulun Polşa bazarında ucuz olması o demək deyil ki, Polşa bazarı daha inkişaf edib və qiymətlər ucuzdur. Və yaxud da ki, Azərbaycanda bir çox məhsulun ucuz olması o demək deyil ki, Azərbaycan iqtisadiyyatı Polşa iqtisadiyyatından güclüdür. Bütün hallarda Polşa iqtisadiyyatı Avropa iqtisadiyyatına daha çox inteqrasiya olunub və bir çox güzəştlərə malikdir. Azərbaycan müəyyən bir dövr keçməlidir ki, həmin güzəştləri əldə etsin və iqtisadi cəhətdən həm güclənsin, həm də milli valyutamızın mövqeləri möhkəmlənsin".

Müəllif: Elmir Muradov