Rusiya elektrik enerjisi ixracını 10%-dən çox azaldıb

10:26 - 19.02.2026


19 fevral, Fineko/abc.az. 2025-ci ildə Rusiyadan elektrik enerjisi ixracı 12,8% azalaraq 7,4 milyard kVt·saata düşüb. Əksinə, idxal 19,2% artaraq 2,3 milyard kVt·saata çatıb.

ABC.AZ xəbər verir ki, bu məlumatlar İnter RAO şirkətinin istehsalat fəaliyyətinin yekunlarına dair hesabatında yer alıb.

Şirkətin məlumatına görə, ixracın əsas hissəsi Qazaxıstan və Monqolustana yönəlib. İdxalın artımı isə əsasən Qazaxıstandan elektrik enerjisi axınlarının çoxalması hesabına baş verib.

İxracın azalması təkcə Uzaq Şərqdə enerji çatışmazlığı ilə deyil, həm də Rusiya elektrik enerjisinin qiymət baxımından rəqabət qabiliyyətinin aşağı olması ilə bağlıdır: Çində elektrik enerjisinin qiyməti Rusiyadan idxal olunan enerjinin (magistral şəbəkə tarifləri daxil olmaqla) qiymətindən daha aşağıdır.