Mikayıl Cabbarov Azərbaycanın iqtisadi artım tempinin zəifliyindən narahatdır

11:19 - 5.03.2026


5 mart, Fineko/abc.az. Mövcud iqtisadi artım templəri Azərbaycanın potensialına uyğun deyil və bu göstəricilər bizi qane etmir.

ABC.AZ xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” Forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ölkənin valyuta ehtiyatları, dövlət borcunun aşağı səviyyəsi və fiskal göstəricilər Azərbaycanın iqtisadi və maliyyə dayaqlarının güclü olduğunu göstərir. Bununla belə, mövcud iqtisadi artım templəri ölkə iqtisadiyyatının real potensialını tam əks etdirmir.

M.Cabbarov qeyd edib ki, bu səbəbdən iqtisadi siyasətin əsas məqsədi yeni və daha dayanıqlı iqtisadi artım mənbələrinin formalaşdırılmasıdır. Onun sözlərinə görə, bilik və texnologiyaların mənimsənilməsi, süni intellektin geniş tətbiqi və data əsaslı qərarvermə mexanizmləri iqtisadiyyatın innovativ inkişafına yeni imkanlar yaradacaq.