Ələt Azad İqtisadi Zonasının imkanlarından daha fəal istifadə olunacaq

11:27 - 5.03.2026


5 mart, Fineko/abc.az. “Azərbaycan 2030” inkişaf vizyonu çərçivəsində 2027–2030-cu illəri əhatə edən yeni tədbirlər paketi hazırlanır və bu sənəd artıq Azərbaycan Respublikasının İqtisadi Şurasında ilkin müzakirədən keçirilib.

ABC.AZ xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” Forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O vurğulayıb ki, sənəddə ixracyönümlü iqtisadiyyatın formalaşdırılması, kredit resurslarına çıxışın genişləndirilməsi və iqtisadi siyasətdə innovativ yanaşmaların tətbiqi kimi istiqamətlər nəzərdə tutulur.

Nazir həmçinin qeyd edib ki, qeyri-neft-qaz məhsullarının yeni bazarlara çıxışı və mövcud bazarlarda mövqelərin gücləndirilməsi üçün ticarət tərəfdaşlıqlarının genişləndirilməsi, eləcə də Ələt Azad İqtisadi Zonası və nəqliyyat-logistika infrastrukturu imkanlarından daha fəal istifadə planlaşdırılır.

Onun sözlərinə görə, Azərbaycanda makroiqtisadi sabitlik, investorların hüquqlarının qorunması və əlverişli biznes mühiti ölkəni regionda etibarlı sərmayə məkanlarından birinə çevirir. Nazir əlavə edib ki, iqtisadiyyatda müşahidə olunan müsbət meyillər fonunda ölkənin suveren kredit reytinqinin də artması və investisiya səviyyəsinə yüksəldilməsi istiqamətində müsbət proqnozlar mövcuddur.