Almaniyada benzinin qiyməti litri 2 avronu keçib

17:31 - 5.03.2026


5 mart, Fineko/abc.az. Almaniyada E10 markalı benzinin orta qiyməti litri 2 avronu keçib. Bu barədə avtomobil klubu ADAC məlumat yayıb.

ABC.AZ xəbər verir ki, təşkilatın məlumatına görə, 5 mart səhəri ölkə üzrə E10 markalı benzinin orta qiyməti 2 avro/litr təşkil edib. Dizel yanacağının qiyməti də artmaqda davam edir və 2,086 avro/litr təşkil edib.

Qiymət artımı fonunda Almaniya federal hökuməti mümkün qiymət sövdələşməsini araşdırmağı planlaşdırır və neft şirkətlərini yanacaq qiymətlərini süni şəkildə artırmağın yolverilməz olduğu barədə xəbərdar edib.

Almaniyanın maliyyə naziri Lars Klinkbayl bildirib ki, şirkətlər İran ətrafındakı vəziyyətdən faydalanmağa çalışarsa, hökumət tədbirlər görəcək. Bremenin baş naziri Andreas Bovenşulte isə neft şirkətləri üçün əlavə mənfəət vergisinin tətbiqini təklif edib.

Almaniyanın İqtisadiyyat Nazirliyi artıq qiymətlərdə mümkün sui-istifadə halları ilə bağlı yoxlamalara başlayacağını açıqlayıb.