Bezos sənaye şirkətlərinin alınması üçün süni intellekt holdinqi yaradır

11:11 - 6.03.2026


6 mart, Fineko/abc.az. Ceff Bezosun süni intellekt laboratoriyası Project Prometheus 6,2 milyard dollardan çox investisiya cəlb edib və layihənin dəyəri təxminən 30 milyard dollara çatıb. Layihə aviamühərrik istehsalçılarından tutmuş mikroçip istehsalçılarına qədər sənaye şirkətlərinin alınması üçün holdinq yaratmağı və onları süni intellekt texnologiyaları vasitəsilə modernləşdirməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, investorlar arasında iri bankirlər, suveren fondlar və vençur şirkətləri var; tərəfdaşlar sırasında isə Arch Venture Partners və Google və Microsoft şirkətlərinin mütəxəssislərinin adı çəkilir.

Analitiklər Bezosun strategiyasını C.P. Morqan dövründə sənayenin konsolidasiyası ilə yadda qalan tarixi “morqanizasiya” ilə müqayisə edirlər. Lakin ekspertlər bildirirlər ki, aktivlərin bu cür cəmləşməsi tənzimləyici qurumların narahatlığına səbəb ola və əmək bazarına təsir göstərə bilər.