Bakıda sənayedə 3,6 milyard manatlıq mallar istehsal olunub

12:01 - 10.03.2026


10 mart, Fineko/abc.az. Bu ilin yanvar ayında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,6 milyard manat təşkil edib.

ABC.AZ xəbər verir ki, Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bu ilin yanvar ayında paytaxtda sənaye məhsulunun 70 %-i mədənçıxarma, 25,1 %-i emal, 3,8 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,4 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,6 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin fevralın 1-nə 431,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 39,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.